Sızanaqlar Haqqında Bilməli Olduğunuz Faktlar

Cinsiyyətindən asılı olmayaraq hər kəs gözəl, təmiz və hamar dərisinin olmasını istəyir. Lakin müəyyən bir dövr, yəni yeniyetməlik dövründə demək olar ki, bir çox insanların bədənində müxtəlif dəri xəstəlikləri, sızanaqlar, qara nöqtələr və.s əmələ gəlir. Bunlar da uzunmüddətli və ya qısamüddətli olur. Nə vaxtsa düşünmüsünüz ki, bu kimi dəri problemləri nədən yaranır, nə ilə əlaqədardır və ya bu kimi hallardan necə qurtulmaq olar? O zaman bu bloqu oxumağınızı tövsiyyə edirik. Bu bloqu yazaraq sizi dəridə yarana biləcək bəzi problemlər, onların yaranma səbəbi və qurtulmağın yolları barədə məlumatlandırmağa çalışacağıq.

Sızanaq nədir?

Işlətdiyimiz söz olan sızanaq əslində elmi dildə Acne Vulgaris adlanır. Bu, demək olar ki, bütün insanların rast gəldiyi dəri problemlərindən biridir. Onlardan ən çox əziyyət çəkən isə yeniyetmələr olur ki, bu da cinsi yetişkənlik dövrü ilə bağlıdır. Sızanaqlar piy vəzilərinin xəstəliyidir, yəni dəridə piy vəziləri ən çox hansı nahiyədə yerləşirsə, məsələn , üzdə, sinədə, kürəkdə elə həmin nahiyələrdə də ağ, qara nöqtələr, qırmızı, iltihablı, irinli səpkilər formasında meydana çıxırlar.

Sızanaqların yaranmasına səbəb olan amillər 

Bir çoxunuz bilirsiniz ki, dərimizdə piy vəziləri var və onların əsas yerinə yetirdiyi funksiya ifraz olunan yağı dərinin səthinə çıxarmaqdır. İfraz olunan bu yağ bizim dərimizin ətraf mühitin zərərverici təsirindən qorunmasında böyük rol oynayır. Yağın ifraz oluna bilməsi üçün dərimizdə məsamələr var. Piy vəzilərinin axacaqları da dərimizin səthində yerləşən həmin məsamələrə doğru açılır. Müəyyən yaş dövrü, yəni cinsi yetişkənlik dövründə isə dəri səthinə ifraz olunan yağın miqdarı artır ki, bu da dəridə yerləşən məsamələrin tutulmasına, tıxac yaranmasına gətirib çıxarır. Nəticədə dəridə ağ və ya qara rəngdə tıxaclar əmələ gəlir. Bu tıxaclar isə dəri səthində və yaxud piy vəzilərində yerləşən ölü hüceyrələrin düşməsinə mane olur. Hətta, dəridə digər mikroorqanizmlər getdikcə çoxalmağa başlayır. Buna görə də dəridə irinli, qızartılı, ağ və qara nöqtələr əmələ gəlir.

Sızanaqların digər yaranma səbəbləri 

1.Bakteriyalar. Dəri səthində çoxlu sayda mikroorqanizmlər yaşayır. Onlar da öz növbəsində dəridə bir çox xəstəliklərin yaranmasında müəyyən rol oynayır. Dəridə sızanaqların yaranmasına təkan verən mikroorqanizm isə Propionbacterium adlanır.

2.Genetika. Əgər valideynlərdə cinsi yetişkənlik dövründə belə hal olubsa deməli, uşaqların da cinsi yetişkənlik dövründə sızanaqlarla qarşılaşması qaçılmazdır.

3.Dəri səthində yağ ifrazının artması. Kişi hormonları androgenlərin stimulyasiya etməsi dəridə yağ ifrazının artmasına, bu da öz növbəsində sızanaqların yaranmasına səbəb ola bilər.

4.Hormonlar. Qızlarda və oğlanlarda cinsi yetişkənlik dövründə hormonlar daha da aktiv hərəkət, stimulyasiya etdiyinə görə bu dəri problemi yarana bilər. Qızlarda əsasən menstruasiya tsikli dövründə hormonların səviyyəsi yuxarı qalxır. Bu da öz növbəsində dəriyə təsirsiz ötüşmür.

5.Tük folikulu və piy vəzi kanalında baş verən dəyişikliklər. Yağ ifrazının artması dəridəki məsamələrin dolmasına, tıxanmasına səbəb olur ki, bu da sızanaqların əmələ gəlmə riskini artırır.

Sızanaqlardan kimlər əziyyət çəkir?

sızanaqlar

Sızanaqlardan ən çox əziyyət çəkən yeniyetmə oğlanlar və qızlardır. Oğlanlardan fərqli olaraq qızlarda sızanaqlar daha tez 13 və ya 14 yaşlarında, oğlanlarda isə 15 və yaxud 16 yaşlarında əmələ gəlir. Təxminən 5-10 il davam edir. Onların azalması isə 20 və 25 yaş arası müddətdə müşahidə olunur. Lakin bəzi 40 yaşından yuxarı insanlarda da sızanaqların olması ehtimalı mümkündür.

Sızanaqlar Xəstəlik əlaməti kimi 

Piy vəzilərinin daha çox aktiv oluduğu bölgələrdə, yəni üz, sinə və kürək hissədə sızanaqların çox olması barədə məlumat əldə etdiniz. Bəs düşünmüsünüz ki, onlar hər hansı bir xəstəliyinizin əlamətinin ifadəsi ola bilər? Əgər bu barədə düşünməmisinizsə, bu bloqda bu məsələ ilə bağlı bir çox məlumat əldə edə bilərsiniz.

Oxşar yazılar: Xalların Götürülməsində Diqqət Etməli Olduğunuz Məqamlar

Çində üz xəritələndirmə deyilən bir üsül var. Hansi ki, onun köməyilə siz üzünüzün hər hansı bir bölgəsində yerləşən sızanaqların hansı xəstəlikdən və ya xoşagəlməz vəziyyətdən xəbər verməsi barədə məlumat əldə edə bilərsiniz. Hal-hazırda bu xəritələndirmə üsulundan kosmetologiya sahəsindəki mütəxəssislər yararlanır. İndi isə gəlin hər bir üz nahiyəsinə nəzər salaq və həmin bölgədə meydana gələn sızanaqların, dəri altı səpkilərin nədən xəbər verdiyini öyrənək.

Üzdə nahiyəsində çıxan sızanaqların əks etdirdiyi əlamətlər

Alın hissədə çıxan sızanaqlar yuxusuzluqdan və stressdən xəbər verir. Buna görə də vaxtında və 8-9 saat yatmaq, yuxu rejimini pozmamaq məsləhət görülür. Sizi gərginliyə salan, stressə düşməyinizə, yuxusuzluğa gətirirb çıxaran vəziyyətlərdən çıxmağa çalışın.

Qaş arası nahiyədə çıxan sızanaqlar isə qara ciyərinizi müayinə etmək və onun sağlamlığının qeydinə qalmağınızın vacib olmasının göstəricisidir. Çalışın zərərli qidalardan uzaq durasınız. Daha çox sağlam qidalanmaya, meyvəyə və ya qatıq yeməyə üstünlük verin.

Qaş üstü nahiyədə çıxan sızanaqlar immunitet sistemi ilə əlaqədardır. İmmunitet sisteminiz zəif inkişaf edirsə, o zaman sızanaqlardan qaçmağınız mümkün olmaya bilər. Ona görə də C vitamininə önəm verməyiniz məsləhətdir.

Sağ yanaq nahiyəsində çıxan sızanaqlar isə sizin tənəffüs sisteminizdə problemlərin olmasından xəbər verə bilər. Çirkli havanın hökm sürdüyü yerdə yaşayır və ya siqaret çəkirsinizsə, o zaman sızanaqlardan əziyyət çəkmə ehtimalı yuxarıdır. Sol yanaq nahiyəsində sızanaqların olması isə qaraciyərdə problemlərin olmasından xəbər verir.

Burun hissədə sızanaqların çıxması tənəffüs sistemi, ağ ciyərlər və ürəkdə problemlərin olma ehtimalından xəbər verə bilər. Ona görə də təmiz nəfəs ala biləcəyiniz yerlərdə hava qəbul etməyiniz vacib hesab olunur.

Burun yanlarında olan nahiyədə sızanaqların çıxması nazik bağırsaqda olan problemlərdən xəbər verir. Buna görə də soyuq yeməklərdən uzaq durmaq və səpkinin əmələ gəlməsində rolu olan həmin qidaların siyahısını tutmaq lazımdır.

Gicgahlar və qulaqların alt hissələrində sızanaqların çıxması isə böyrək probleminin olmasından xəbər verə bilər.

Çənənin sağ və sol tərəfində, dodaq altı hissədə sızanaqların çıxması hormonal problemlə əlaqədar ola bilər. Bu halda ginekoloqa müraciət edə bilərsiniz. Çənənin ortasında sızanağa rast gəlsəniz, həzmlə bağlı məsələlərdə diqqətli olmağınız məsləhət görülür. Xroniki qəbizlikdən əziyyət çəkirsinizsə, dərhal həkimə müraciət etməyiniz tövsiyə olunur. Çənə xətti boyunca sızanaqların olması yoğun bağırsaqda yaranan problemlə əlaqədardır. Ona görə normal miqdarda su qəbul etmək və selliloz tərkibli ərzaqlarla qidalanmaq vacib hesab olunur. Dişlərinizdə də problem olma ehtimalı böyükdür, ona görə də stomatoloqa müraciət etsəniz yaxşı olar.

Sızanaqlardan qurtulmağın yolları

sizanaqlar

Sızanaqlardan qurtulmaq üçün ilk öncə sağlam qidalanmaq lazımdır. Zərərli vərdişlər, məsələn, siqaret çəkmək, spirtli içki içməkdən uzaq olmağınız vacibdir. Daha az qəhvə içməyiniz, həddindən artıq yağlı qidalardan ( yağlı piy, ət, balıq) az istifadə etməyiniz məsləhət görülür. Meyvə, tərəvəz yeməyə üstünlük verin. Qoz-fındıq, süd kimi məhsulların istehlakını qida rasionunuzda azaldın. Gündə 1,5 litr su içməyi yaddan çıxartmayın.

Oxşar yazılar: Biorevitalizasiya – Üz Baxımı Üçün Kosmetoloji Üsullar

Sızanaqların və ya dəri altı səpkilərin müalicəsi mümkündür. Lakin bu uzun müddət ərzində aparıla biləcək bir müalicə prosesidir. Unutmayın ki, sızanaqlar dəri xəstəliyidir və onu yalnız mütəxəssis müalicə etməlidir. Mütəxəssisin dediklərinə əməl etmək lazımdır. Aptekdən adını eşitdiyiniz və ya ətraınızdakı insanların məsləhət gördüyü deyil, dəri həkiminin məsləhət gördüyü dərmanları qəbul etmək və ya kremləri sürtmək, vacib olarsa karbon pilinq etmək lazımdır. Həyata keçirilən müalicə dövründə səbr etmək vacibdir ki, müalicənin effetkli nəticəsini bir ay sonra görə biləsiniz. Daha effektli nəticə əldə etmək üçün müalicənin iki və ya dörd ay ərzində aparılması məsləhətdir.

Diqqət etməli olduğunuz məqamlar

Yadınızda saxlayın ki, sızanaqlar dəri xəstəliyidir və müalicəsi qısa müddət ərzində mümkün deyil. Vaxtında müalicə olunmazsa dəridə çapıqların və ləkələrin qalma ehtimalı yüksəkdir. Sızanaqları sıxmaq, onların ləkələrinin üzdə qalma riskini artırır, ona görə də onlara toxunmamağınız və müalicə üçün peşəkar dəri həkiminə, yəni dermatoloqa müraciət etməyiniz məsləhət görülür. Sızanaqların müalicəsi üçün pəhriz saxlamağa ehtiyac yoxdur. Sadəcə günəş şüasından, tərləmədən qorunmaq vacibdir. Üz dərisinə qulluq zamanı istifadə etdiyiniz dərman və kremləri yenə də həkimin tövsiyəsi ilə almağınız məsləhətdir.

Xülasə

Son olaraq demək istərdim ki, sızanaqlar çox təhlükəli bir xəstəlik olmasa da dərinizin sağlamlığının qeydinə qalmaq mütləqdir. Dəriniz yağlı olduğu halda pilinq xidmətindən və ya xüsusi qulluq vasitələrindən istifadə edin ki, dərinizdə yağın miqdarı normadan artıq olmasın. Dəri nəinki insanın daxili orqanlarının, həm də onun psixi vəziyyətinin göstəricisidir. Ona görə də dərinizi sevin və mezoterapiya etməkdən də yararlanın. Ona biganə yanaşmayın ki, sonra müxtəlif dəri problemləri ilə qarşılaşmaq məcburiyyətində olmayasınız. 

Şərh yaz